Azərbaycanın xalq artisti, müğənni Emin Ağalarov (EMİN) media nümayəndələri üçün mətbuat konfransı təşkil edərək iyulun 23-dən 26-dək Bakıda Sea Breeze Resort-da keçiriləcək “Dream Fest 2025” II Beynəlxalq Musiqi Festivalı haqqında danışıb. Jurnalistlərlə söhbətində musiqiçi qarşıdan gələn və bu yayın ən gözlənilən mədəniyyət tədbirlərindən biri olacağını vəd edən tədbirlə bağlı eksklüziv təfərrüatları bölüşüb. Müğənni bildirib ki, bu il festivalda sənətçilərin sayı keçən illə müqayisədə az olacaq: “Biz bu dəfə daha az əcnəbi sənətçinin iştirakına qərar verdik. Amma festivalda daha az sənətçi olsa da, onların hər biri daha çox mahnı oxuyacaq. Bu, tamaşaçı üçün şounu daha gərgin və maraqlı edəcək”. "Bu il mən də festivalın formatını dəyişdirmək qərarına gəldim, bütün müğənnilər bir böyük səhnədə ifa edəcək. ", - Ağalarov bildirib.
"Mühüm tədbirlərdən biri Müslüm Maqomayevə həsr olunmuş gecə olacaq. Dostum və tərəfdaşım Timur Vaynşteynlə konsertin konsepsiyasını müzakirə etdik. Bu dəfə Maqomayevin mahnılarını gənc sənətçilər ifa edəcəklər. Mənim üçün bu ən əlamətdar axşamdır", - Emin qeyd edib. Qeyd edək ki, festival təkcə yaradıcılıq baxımından deyil, həm də maliyyə baxımından irimiqyaslı layihə olaraq qalır. Emin ötənilki Dream Fest-in büdcəsinin 14,5 milyon dollar olduğunu bildirib. "Təkcə bir festival günü təxminən bir milyon yarım dollara başa gəlir. Səhnə avadanlığı, işıq, səs, logistika, kadrlar - bütün bunlar böyük sərmayələr tələb edir. Amma bu layihə "Sea Breeze"nin tanıdılması üçün güclü vasitədir, belə ki, tanınmağı, populyarlığı və məkana olan marağı artırır. Müxtəlif ölkələrdən insanlar Bakıya gəlir və Sea Breezi bəyənirsə burdan mənzil alırlar", - sənətçi vurğulayıb. Ağalarov bildirib ki, hazırda “Dream Arena” adlı yeni konsert arenası yaradılması istiqamətində işlər aparılır. Onun tikintisinin iki il ərzində başa çatdırılması planlaşdırılır. Arena 50 min tamaşaçı üçün nəzərdə tutulacaq və daimi infrastrukturla təchiz olunacaq ki, bu da dünya səviyyəli sənətçiləri Bakıya gətirməyə imkan verəcək.
Qeyd edək ki, Dream Fest 2025 festivalı iyulun 23-dən 26-dək keçiriləcək. Nikol Şerzinger, Eqor Krid, Timati, “Ruki Vverx!” qrupu, Maksim Fadeyev, SEREBRO, Jah Khalib, In-Grid, MOT, Alsou, Klava Koka, Ani Lorak, EMIN, Jony, Haddaway və bir çox tanınmış ulduzların iştirakı artıq təsdiqlənib. Təşkilatçılar son günlərə qədər intriqanı saxlayaraq iştirakçıların siyahısını genişləndirməkdə davam edirlər.
Festivalda şəxsən iştirak edə bilməyənlər üçün DREAM FEST 2025 televiziya versiyası təqdim olunacaq.