23 may Bakıda "Four Seasons" otelində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin, eləcə də Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadzenin qatıldığı tədbirdə öncə gürcü musiqi qrupunun ifasında Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirildib. Açılış çıxışı edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib ki, ölkəsinin çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 26-sı siyasi quruluşunu müəyyən edən, gələcək inkişafının əsasını qoyan ən mühüm tarixlərdən biri olub. Diplomat qeyd edib ki, 107 il əvvəl gürcü siyasi elitası cəmiyyətlə birlikdə itirilmiş dövlətçiliyi Gürcüstan Demokratik Respublikasının timsalında bərpa etmək qərarına gəlib, gürcü xalqının müstəqil, vahid və azad dövlət qurmaq istəyini əks etdirib.
“Bu gün Gürcüstan müstəqil, demokratik və hüquqi dövlətdir ki, bu da ölkədə aparılan uğurlu islahatların, eləcə də gedən demokratik yeniləşmənin və sürətli iqtisadi artımın nəticəsidir. Xarici siyasət prioriteti Avropa və Avro-Atlantik inteqrasiya olan Gürcüstan Aİ-yə namizəd ölkə kimi beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində uğurla iştirak edir, NATO-ya aspirant ölkə olaraq Alyansın təhlükəsiz və sabit tərəfdaşıdır” deyən cənab Pataradze qeyd edib ki, beynəlxalq aləmdə mühüm nailiyyətlərinə baxmayaraq, Gürcüstanın bütün dünyada tanınmış ərazisinin 20 faizi hələ də işğal altındadır. Səfir Gürcüstan hökumətinin münaqişənin hərtərəfli sülh yolu ilə həlli siyasəti üçün səylərini qeyd edərək deyib ki, ölkəsinin suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə dost və strateji tərəfdaş Azərbaycana və onun rəhbərliyinə xüsusi ürəkdən təşəkkür edir.
Səfir Zurab Pataradze bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü qlobal təhlükəsizlik sistemini dəyişir. Bu da Cənubi Qafqaz regionu üçün problemlər yaradır. Onun sözlərinə görə, hazırda regionumuzda sülh və sabitliyin dəstəklənməsinə hər zamankından daha çox ehtiyac hiss olunur. Bu müstəvidə Gürcüstan regional sülh dialoqunun davam etdirilməsinə və hər cür köməklik göstərməyə tam hazır olduğunu bəyan edib.Mən çox şadam ki, ölkələrimiz arasında münasibətlər çoxəsrlik mehriban qonşuluğa, xalqlar arasında dostluğa, ümumi dəyərlərə və ənənələrə əsaslanır. Dövlətlərimiz müstəqilliklərini bərpa etdikdən sonra bu təməl uğurla siyasi və iqtisadi əməkdaşlığa, nəhayət, strateji tərəfdaşlığa çevrildi. İki ölkə arasında yüksək səviyyəli səfərlərin canlı dinamikasını xüsusi qeyd etmək lazımdır. 2025-ci ildə Gürcüstanın baş naziri, eləcə də yeni seçilmiş prezidenti və xarici işlər naziri Bakıya səfər etdilər. Azərbaycan Milli Məclisinin xanım spikeri Tbilisiyə səfər edib. Biz çox şadıq ki, keçən il Azərbaycan qlobal əhəmiyyətli tədbirə - COP 29-a ən yüksək səviyyədə ev sahibliyi etdi və orada Gürcüstan baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olundu”, - səfir deyib.
Diplomat qeyd edib ki, iqtisadi sahədə də ikitərəfli əməkdaşlığımız dinamik inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi bir milyard dollardan çox olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Səfirin sözlərinə görə, Gürcüstan və Azərbaycan bir sıra strateji əhəmiyyətli layihələri uğurla həyata keçirirlər ki, bu da regionumuzun rolunu və funksiyasını əhəmiyyətli dərəcədə artırıb. “Qara Dəniz Sualtı Kabel (BSSC) layihəsi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və TAP, eləcə də genişləndirildikdən sonra illik ötürmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdıran Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Bunlar ölkələrimiz arasında uğurlu regional əməkdaşlığın bariz nümunəsidir” deyən səfir Zurab Pataradze, bu ilin yanvarında Gürcüstan və Azərbaycanın baş nazirlərinin rəhbərliyi ilə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Xalqlarımız arasında sıx tarixi bağlara və qarşılıqlı hörmətə əsaslanan həqiqətən nadir münasibətlər və dostluq mövcuddur. Bu gün Gürcüstan və Azərbaycan Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi tərəqqinin mühüm təminatçısıdır. Mayın 28-də Azərbaycan Müstəqillik Gününü qeyd edir. Fürsətdən istifadə edərək, Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edirəm”, - o deyib.
Səfir sözlərini bu cümlələrlə tamamlayıb: “Bu axşam sizə gürcü milli geyimləri və zərgərlik məmulatlarının sərgisini təqdim etməkdən şərəf duyuruq. Həmçinin möhtəşəm milli musiqinin müşayiəti ilə bu gün üçün xüsusi seçilmiş gürcü mətbəxinin görkəmli təamlarını və unikal gürcü şərabını dadmaq imkanımız olacaq. Sabah isə Heydər Əliyev Mərkəzində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş Qala Konsert keçiriləcək və burada tanınmış müğənnilər təsirli gürcü və Azərbaycan bəstələrini ifa edəcəklər”.
Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərindən söz açıb. Milli Məclisin sədri Azərbaycanla Gürcüstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, enerji və nəqliyyat layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun Gürcüstanda həyata keçirdiyi sosial-humanitar təşəbbüslərin xalqlar arasında yaxınlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Sonda Sahibə Qafarova yaxın gələcəkdə əlaqələrin daha da inkişafına və xalqların tərəqqisinə xidmət edəcəyinə əminliyini bildirib, Gürcüstana sülh, sabitlik və uğurlar arzulayıb. Çıxışlardan sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib, qonaqlar, həmçinin gürcü zərgərlik və milli geyim nümunələrinin sərgisinə baxmaq imkanı əldə ediblər.
24 may Heydər Əliyev Nəekəzində Gürcüstanın Müstəqilliti gününə həsr olunmuş Qala- konsert keçirilib. Konsertdə Maestro Nika Nikvaşvili ilə Simfonik orkestr, "Şvidkatsa" ansamblı və məşhur gürcü solistləri Liza Bagrationi, Manana Todadze, Konstantine Kipiani, Oto Bazeraşvili çıxış edib. Onlar gürcü və azərbaycanlı dinləyicilər üçün sevilən mahnı və bəstələr ifa edib. Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.