SHE Congress 2025 keçirildi

Bakıda, Heydər Əliyev Mərkəzində regionun ən nüfuzlu tədbirlərindən biri olan “SHE Congress 2025” konqresi keçirildi. Konqres qadın liderliyinin gücləndirilməsi və davamlı dəyərlərin formalaşdırılmasına həsr olunub. 

Tədbirdə çıxış edən “Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova deyib ki, tədbirin keçirilməsində əsas məqsəd qadınların qanun çərçivəsində hüquqlarının müdafiəsi və cəmiyyətdə qadınlarla kişilər arasında bərabərliyin, dayanıqlığın təmin olunmasıdır.  O qeyd edib ki, “SHE Congress”, qadınların şəxsi və peşəkar inkişafını təşviq edən, biznes, dövlət, mədəniyyət və təhsil sahələrindən yerli və beynəlxalq liderləri bir araya gətirən platformadır.

“SHE Congress” beynəlxalq qadınlar konqresində KOBİA-nın rəhbəri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, deputat qadınlar, İngiltərənin və İtaliyanın Azərbaycanda səfirləri iştirak etdi.

Konqresdə iştirakçılar müxtəlif sahələrdə uğur qazanmış qadın liderlərin çıxışlarını dinlədi, panel müzakirələrdə iştirak etdi. Tədbirin məqsədi yalnız aktual liderlik məsələlərini müzakirə etmək deyil, eyni zamanda uzunmüddətli və davamlı dəyərlərin yaradılmasına töhfə verməkdir.