Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera Günləri" layihəsi çərçivəsində Şirvanşahlar Sarayında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasından parçalar nümayiş etdirilib. "Əsli və Kərəm" operası ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil edilib. “Əsli və Kərəm”in ilk tamaşası 1912-ci il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olub. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli idi.
Bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunmuş tamaşada Rəvanə Əmiraslanlı (Əsli), Məhəbbət Səfərov (Kərəm), Taleh Yahyayev (Keşiş), Fuad Əzizzadə (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) iştirak ediblər.
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xoreoqrafı Xalq artisti Mədinə Əliyeva, tarda müşayiət edən Əməkdar artist Elxan Mansurovdur.