Ənənəvi Avropa Şəhərciyi yenidən qapılarını ictimaiyyətə 22 iyun Bakı bulvarında açdı. Bu tədbir Avropa İttifaqı, onun dəyərləri və siyasəti, o cümlədən Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq haqqında daha ətraflı məlumat əldə etmək üçün maraqlı imkan təqdim edir. Tədbir həmçinin Avropa İttifaqına üzv dövlətlərin tarixi, mədəniyyəti, ənənələri və bu ölkələrdə yaşayan insanların bugünkü həyatı ilə tanış olmaq imkanı da yaradır.
Açılış mərasimində Avropa İttifaqının və Avropa İttifaqına üzv dövlətlərin səfirləri, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova iştirak etdilər. “Avropa İttifaqı Bakıda” mövzusu ilə keçirilən Avropa Şəhərciyi 2025 bu il də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olundu. Tədbir Aİ-yə üzv ölkələrin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirildi. Tədbir zamanı Avropa İttifaqının Azərbaycanda həyata keçirtdikləri layihələr və Aİ Nümayəndəliyinin fəaliyyəti də diqqətə çatdırıldı.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib: “Avropa Şəhərciyi Avropaya açılan bir pəncərədir – Avropa İttifaqını unikal edən zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və ondan zövq almaq üçün bir imkandır. Bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!”. Bu ilki tədbir sağlam həyat tərzi və idmanın təbliğinə həsr olundu. Avropa Şəhərciyi üçün planlaşdırılmış maraqlı proqrama üz boyama, nağıl qəhrəmanları ilə uşaq kitabları guşəsi, şahmat turnirləri, futbol və basketbol kimi idman yarışları, müxtəlif viktorinalar daxil olundu. Əsas səhnədə isə Avropa və Azərbaycan musiqi və rəqs nömrələri, əyləncəli müsabiqələr və mini yarışmalar təqdim olundu.
Tədbir zamanı ziyarətçilər Aİ-yə üzv dövlətlərin pavilyonlarını və Azərbaycanda Aİ tərəfindən dəstəklənən təhsil, regional inkişaf və digər sahələrdə həyata keçirilən layihələrin pavilyonlarını ziyarət etməklə Avropa İttifaqı haqqında daha ətraflı məlumat aldılar. “Avropada Təhsil” pavilyonu gənclərə Avropadakı təhsil imkanlarını təqdim etdi.
Avropa Şəhərciyi 2025 Samira Əfəndi və The Miles Band möhtəşəm konserti ilə başa çatdı.